İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI
![]() |
"Biz bazar iqtisadiyyatı yolu ilə cəsarətlə getməliyik" Heydər Əliyev |
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) dövlət proqramlarının icraçısı olan qurumlar üçün “e-monitorinq” portalının “Layihə idarəetməsi” modulunun tətbiqi və istifadə qaydalarına dair təlimlərə start verib.
Təlimlərin məqsədi Mərkəzin monitorinqini və qiymətləndirilməsini apardığı dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr üzrə hesabatların keyfiyyətini yüksəltmək və aidiyyəti dövlət qurumlarına metodiki dəstək göstərməkdir.
İlk təlim günündə Baş Prokurorluq, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, eləcə də Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər, Energetika, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, İqtisadiyyat və Fövqəladə Hallar nazirliklərinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İİTKM-in icraçı direktorunun müavini Təranə Salıfova iştirakçılara modulun məqsədi, funksional imkanları və tətbiqinin növbəti mərhələləri barədə ətraflı məlumat verib.
Sonra Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdirləri Elşən Yusifli və Arzu Süleymanov beynəlxalq layihə idarəetməsi metodologiyalarına əsaslanan modulun dövlət proqramlarının icrasını operativ izləməyə imkan verdiyini vurğulayıb, PMI standartlarına əsaslanan fiziki və maliyyə icra göstəricilərini, EVM metodologiyasını və OECD/DAC qiymətləndirmə meyarlarını təqdim ediblər. Həmçinin “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” nümunəsində modul üzrə hesabatların hazırlanması qaydaları və kəmiyyət-keyfiyyət təhlili üzrə yanaşmalar izah edilib.
Strateji planlaşdırma şöbəsinin əməkdaşı Könül Bədəlova isə modul üzrə iş axını, məlumatların təqdimetmə müddətləri, rüblük hesabatlılıq tələbləri, görülmüş işlərin dolğun əks etdirilməsi, risklərin və maliyyə mənbələrinin düzgün göstərilməsi barədə məlumat verib.
Tədbir çərçivəsində modulun portalda tətbiqi əyani şəkildə nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
5 gün davam edəcək təlimlərdə 46 dövlət qurumunun nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, “Layihə idarəetməsi” modulu strateji sənədlərin, o cümlədən dövlət proqramlarının monitorinqinin və qiymətləndirilməsinin fasiləsiz, operativ və şəffaf aparılması üçün hazırlanıb. Modul məlumatların mərkəzləşdirilməsinə, hesabatlılığın artırılmasına, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinə və məlumatlara əsaslanan qərarların qəbuluna xidmət edir.
|
Ümumi məlumat
Qaydalar
|
Media
Xəbərlər
Fotolar
Videolar |